1992-ci il 3 iyun tarixdən etibarən YUNESKO-ya üzv qəbul edilmiş müstəqil Azərbaycan Respublikası bu nüfuzlu təşkilatın elm, təhsil, mədəniyyət sahələrində həyata keçirilən fundamental islahatlar layihəsində fəal və məqsədyönlü iş aparmaq üçün Milli Komissiya yaratmışdır. Milli Komissiyanın YUNESKO ilə praktik əlaqələndirmə prosesində uzun illərdir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də yaxından iştirak edir.

İdarəmizin qurumları – “İçərişəhər” Tarixi muzeyi və “Şirvanşahlar saray kompleksi” YUNESKO-nun müxtəlif sahələri üzrə yaradılmış komitələri, o cümlədən “Beynəlxalq Muzeylər Şurası” (İCOM) ilə – sıx əməkdaşlıq edir və  bu təşkilatın ən fəal üzvləridir.

2000-ci ilin noyabr ayında YUNESKO-nun Avstraliyanın Kerns şəhərində keçirilmiş XXIV sessiyasında İçəri şəhər Şirvanşahlar Sarayı və Qız Qalası abidələri ilə birgə Dünya İrsi siyahısına daxil edildi. Bu mühüm addım bizim qədim və dünya mədəniyyəti, incəsənəti tarixində əhəmiyyətli yer tutan abidələr sırasına düşmüş nadir sənət incilərimizi – Qız qalasını və Şirvanşahlar Sarayı Kompleksini dünyaya tanıtdı.

Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təkliflərini nəzərə alaraq 2010-cu il 08 noyabr tarixdə 206 nömrəli qərar ilə İçəri şəhərin konservasiyası üzrə “Baş plan”ı təsdiq edilmişdir. Bu sənəddə birbaşa Qoruq ərazisində müxtəlif səviyyəli bərpa işlərinin aparılması nəzərdə tutulurdu. YUNESKO ekspertlərinin iştirakı ilə hazırlanmış “Bakının tarixi mərkəzinin konservasiyası üzrə Baş plan”a müvafiq olaraq bərpa olunmalı abidələrin ilkin siyahısı müəyyənləşdirilmişdir.  Bərpa işlərinin 31 abidə üzərində mərhələlərlə, 2010-2016-cı illər ərzində aparılması nəzərdə tutulmuş və bu layihə reallaşmışdır. YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən Qız qalasında konservasiya və yeni muzey ekspozisiyasının yaradılması işləri  2009-cu ildən başlayan davamlı bərpa işləri ilə 2013-cü ildə tamamlanmışdır.

Biz, Azərbaycan mədəniyyətinin,  maddi-mənəvi sərvətlərinin qorunub saxlanılması, tədqiqi və təbliği istiqamətində fəaliyyət göstərən bir İdarə olaraq  YUNESKO-nun genişmiqyaslı, qlobal mahiyyətli proqramı əsasında xeyli sayda layihələrin reallaşmasına nail olmuşuq. Bunlardan bir neçəsini diqqətinizə çatdırmaq istərdim:

 “Tarixi Şəhər Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq seminar 2009-cu il iyunun 19-da keçirilmişdir. YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə hazırlanmış bu layihədə yerli mütəxəssislərlə yanaşı YUNESKO-nun Dünya İrsi Mərkəzinin ABŞ, Finlandiya, Niderland, İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər də iştirak etmişlər.

YUNESKO-nun “Dünya İrsi Siyahısı”na  daxil edilmiş Qız qalası abidəsinə həsr olunan beynəlxalq festival 2010-cu ildən etibarən hər il qeyd edilir. Onu da əlavə edim ki, bu festival Fransanın Kann şəhərində də keçirilmişdir.

Azərbaycan xalqının mədəni, tarixi, memarlıq və etnoqrafik irsinin təbliği ilə yanaşı əsrlərlə yaşı olan musiqi sənətimizin təbliğində də YUNESKO-nun mənəvi dəstəyi görünməkdədir.  18-25 mart 2009-cu ildə  keçirilən Birinci Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində YUNESKO-nun Baş Direktoru Koiçiro Matsuura da iştirak etmişdir.

Bu istiqamətdə görülən işlər çərçivəsində Qoruq İdarəsinin təşkilati və informasiya dəstəyi ilə həyata keçirilən daha bir layihə kimi Şirvanşahlar Sarayı Kompleksində muğam sənətinin təbliğinə həsr edilmiş tədbirləri misal göstərmək olar.  Belə ki, 2007-2008-ci illərdə YUNESKO,  Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Yaponiya hökumətinin dəstəyi ilə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən icra olunan “Əbədi Muğam“ adlı layihə çərçivəsində Şirvanşahlar Sarayı Kompleksində muğam konsertləri keçirilmişdir.

2013-cü il oktyabrın 22-də YUNESKO-nun baş qərargahında  Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium da böyük maraqla qarşılanmışdır.

31 mart 2011-ci il tarixdə Niderland Krallığının paytaxtı Amsterdamda “Forum 2011: Dövlət – özəl sektor əməkdaşlığı və şəhər irsinin qorunub saxlanılması” adlı beynəlxalq forum öz işinə başlamışdır. YUNESKO-nun Dünya İrsi Mərkəzinin, Niderlandın Təhsil, Mədəniyyət və Elm Nazirliyi və Amsterdam Şəhər Bələdiyyəsi ilə birgə təşkil olunan bu mötəbər tədbirdə Niderland və digər dövlətlərin hökumət rəsmiləri, Dünya İrsi Mərkəzinin və Avropanın müxtəlif elm ocaqlarının nümayəndələrinin iştirakı ilə tarixi şəhər landşaftının mühafizəsi, dövlət–özəl sektor əməkdaşlığı, tarixi-memarlıq abidələrinin qorunması və bərpasına dair məsələlər müzakirə olunmuşdur.

YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin  28 Sentyabr – 2 oktyabr 2009-cu il tarixdə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirdiyi 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, “Novruz” bayramı çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. 

Mart ayında ölkənin hər yerində olduğu kimi paytaxtda da bu bayram böyük təntənə ilə qeyd edilir. İçəri şəhər ərazisində  isə Qoruq İdarəsi  “Novruz” bayramını daha  əzəmətli şəkildə təşkil edir, turistlər, eləcə də  xarici ölkələrin dövlət rəsmiləri, məşhur elm və sənət adamları İçəri şəhərdə qonaq olur.

2011-ci ildən etibarən təşkil edilən və YUNESKO tərəfindən dəstəklənən Bakı Beynəlxalq Humanitar Forumu Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya gətirən tədbirdir. 2011-2016-cı illərdə keçirilən beş forumda “İçərişəhər” Qoruq İdarəsi də  fəal iştirak etmişdir.

YUNESKO-ya üzv olan bütün ölkələrdə olduğu kimi, ölkəmizdə də hər il 18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü geniş şəkildə qeyd edilir. Bu münasibətlə paytaxt Bakı ilə yanaşı respublikamızın bir çox bölgələrində də müxtəlif formatlı layihələr icra edilir, qoruq və muzeylərdə 18 aprel tarixində açıq qapı günləri keçirilir. Həmçinin bu il, (2017-ci il) 18 aprel – “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”ndə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “İrs günləri” adlı tədbirə start verilmişdir.

2011-ci ildə “Arşın mal alan” operettasının 100 illik yubileyi YUNESKO-nun 2012-2013-cü illər üçün “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmişdir.

 Onu da qeyd edim ki, 15-25 iyun 2014-cü il tarixlərdə Qətər Əmirliyinin paytaxtı Doha şəhərində YUNESKO Dünya İrsi Komitəsinin 38-ci sessiyası keçirilmişdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndə heyəti də bu tədbirə qatılmışdı. Tədbirdə iştirak edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi səfər çərçivəsində YUNESKO Dünya İrsi Mərkəzinin nümayəndələri, habelə Dünya İrsi Komitəsinin bir çox üzv ölkələrinin rəsmiləri və ekspertləri ilə işgüzar görüşlər keçirmişdir.

19 may 2015-ci il tarixində YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşkilatçılığı ilə Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dinlərarası və mədəniyyətlərarası dialoq üzrə YUNESKO  kafedralarının Akademik Forumu öz işinə başlamışdır.

12-15 iyul 2016-cı il tarixlərində  İstanbulda YUNESKO Dünya İrs Komitəsinin 40-cı sessiyası  keçirilmişdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi olaraq həmin sessiyada iştirak etmişik.   Sessiyanın məqsədi Dünya İrs Siyahısına daxil edilmiş abidələrin konservasiya vəziyyətini müzakirə etmək, eləcə də siyahıya daxil edilmək üçün yeni  müraciətlərə baxmaq və müvafiq qərarlar qəbul etmək idi.

Sessiyada İçəri şəhərin konservasiyası vəziyyətinə dair “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim etdiyi hesabatla bağlı qərar qəbul edilmişdir. Qeyd edək ki, İçəri şəhərdə yerləşən abidələrin qorunub saxlanması və konservasiyası istiqamətində İdarə tərəfindən görülən tədbirlər yüksək qiymətləndirilmiş və ilk dəfə olaraq, İdarənin ərazidəki abidələrin konservasiya vəziyyətinə dair Dünya İrs Mərkəzinə təqdim etdiyi hesabatla bağlı müzakirə açılmadan qərar qəbul edilmişdir. Qərarda Qoruq İdarəsinin İçəri şəhərin Dünya İrs Siyahısına daxil edildiyi tarixdən indiyə kimi gördüyü işləri (abidələrin mühafizəsi və konservasiyasına çox yüksək töhfə verməsini)  nəzərə alaraq, gələcəkdə konservasiya vəziyyətinə dair İdarə tərəfindən hesabatın təqdim edilməsinə ehtiyacın olmadığı qeyd olunmuşdur.

Beləliklə, biz “İçərişəhər” Dövlət Tarix-Memarlıq  Qoruğu İdarəsi olaraq, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış təsisatı olan YUNESKO ilə bu illər ərzindəki fəaliyyətimizi uğurlu hesab edir və bundan sonra da öz milli, eləcə də qlobal əhəmiyyətli ideyalarımızı reallaşdırmaq naminə qarşılıqlı əməkdaşlıq tendensiyasını dəstəkləyirik.