Azərbaycanın şimal-şərq hissəsində əmələ gəlmiş Şirvanşahlar dövləti VI əsrin I yarısında artıq mövcud idi. Lakin çox təəssüflər olsun ki, tarixi ədəbiyyatda ilk şirvanşahlar haqqında məlumat yox dərəcəsindədir.  Şirvanşahlar dövləti Azərbaycanın orta əsrlər tarixində böyük rol oynamışdır.  İlk Şirvanşahların “Şah” titulu daşımaları onların qismən müstəqil olmalarını göstərir. İlk yarandığı zamanlarda dövlət Xəzər dənizi ilə Qəbələ arasındakı ərazini tuturdu. X əsrdə yaşamış ərəb müəllifi Əl-Məsudi Şirvan ölkəsinin uzunluğunun 1 aylıq məsafə olduğunu göstərirdi. Dövlətin ərazisi sonralar baş vermiş siyasi hadisələrlə əlaqədar gah genişlənmiş, gah da kiçilmişdi. Bununla belə, onun təxmini sərhədlərini aşağıdakı kimi göstərmək olar; şimaldan o, Samur çayı, Dərbəndlə (Dərbənd özü də bu dövlətin tərkibində olub), şərqdən Xəzər dənizi ilə, qərbdən isə  Şəki və Gəncə ilə əhatələnirdi.

Qarşınızda XVI əsrədək Şirvanşahlar dövlətinə hakimlik etmiş şahların nəsil şəcərəsi nümayiş edilir. Şirvanşahlar dövlətinin güclü, qüdrətli, son dərəcə savadlı başçıları olmuşdur. Məsələn, I Fəriburz, III Mənuçöhr, I Axsitan, I Şeyx İbrahim, I Xəlilullah görkəmli diplomat və dövlət başçılarıydı. Onların hakimiyyəti dövrü Şirvanşahların ən çox çiçəkləndiyi dövrdür.

Şirvanşah I İbrahim və Şirvanşah I Xəlilullahın dövründə saray şairi olmuş Bədr Şirvaninin Divanına əsasən, bu qüdrətli dövlətin bayrağı qızılı rəngdə olmuşdur.

1683-cü ildə sarayda olmuş alman alimi Engelbert Kempfer, latın dilində yazdığı kitabında Bakının ilk qrafik təsvirini vermişdir. Kitabda onun həm qrafik, həm də yazılı təsvirdə verdiyiiki şir və onların arasındakı öküz başı təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Şirvan toponimı – şirlər ölkəsi, Şirvanşahlar mənbələrdə “Şirənşah” – şahlar şiri adlandırılırdılar.  Tibet yak öküzü qədim türk tayfalarının onqonu, tanrısı olmuşdur. Beləliklə, şirlər dövlətin güc və qüdrətinin, öküz başı isə türk ənənələrinə söykəndiyinin rəmzidir. Yerli əhali şirləri qalanın qoruyucu talismanı hesab edirdilər. Şirvanşahlardan: III Fəriburz, Kavus, I Şeyx İbrahim, I Xəlilullah, Fərrux Yəsar bacarıqlı, igid sərkərdələr olmuş, dövlətin müstəqilliyini mərdliklə müdafiə etmişlər.

Şirvan torpağı tarixən əlverişli coğrafi mövqedə yerləşmişdir. Uzaq Çin və Hindistandan Avropaya, Rusiyadan ərəb ölkələrinə qədər istiqamətlənmiş bütün karvan yolları vaxtilə bu ərazidən keçirdi. Şirvanın məşhur ipəyi, qiymətli xalçaları, nefti, duzu, zəfəranı, digər sərvətləri daim diqqət mərkəzində olmuş, bərəkətli torpaqları yadellilərin çəkişmələr meydanına çevrilmişdi. Azərbaycanın ərazisi tarix boyu hərb meydanı olmuşdur. Rus-İran, rus-osmanlı muharibələri Azərbaycan ərazisində aparılmış, ərazi dağıntılara məruz qalmış, əhalisi əzilmiş, didərqin salınmışdır. VII  əsrdə bu ərazi ərəblər tərəfindən işğal edilmişdir. 1175-ci ildə Şirvanşah I Axsitan Rus dövlətinin 73 gəmidən ibarət donanmasını Bakı buxtasında darmadağın etmiş, xəzərlərin tutduğu Şabran və Dərbəndi geri almışdı. Bu vaxt varlı liman şəhəri kimi Bakının əhəmiyyəti daha da artır. Qısaca desək, adlı-sanlı Şirvanşahlar sülaləsi tarixin ən mürəkkəb, çətin bir dövrü olan orta əsrlərdə min illik tarixə malik olmuş qüdrətli bir dövlətə rəhbərlik etmişdir. Şirvan torpağı Azərbaycan xalqının tarixini özündə yaşadan qədim  xalçaları ilə dəməşhurdur. Şirvanın xalça nümunələri dünya muzeylərini, ən məşhur kolleksiyaları bəzəməkdədir. Yüzillər öncə Şirvanşahlar Sarayının döşəmə və divarlarını da misilsiz gözəlliyi ilə görənləri heyrətləndirən xalı və gəbələr bəzəyirdi. Sarayların, daha sonralar isə bəy və xanların, dövlətlilərin evlərində böyük sahəli döşəmələrin örtülməsi üçün nəzərdə tutulmuş xüsusi “Dəst xalı-gəbə”lər toxunardı. Dəst üç, dörd və ya beş xalçadan ibarət olurdu: mərkəzi, iki ədəd yan və ya kənarə, başlıq və ayaqlıq xalça. Gördüyünüz digər xalçalar isə “Yolluq” və  “Bico” xalçalarıdır. “Bico” Şirvanın Ağsu rayonu ərazisinə daxil olan eyniadlı kəndin adını daşısa da, bütün Qafqazda ən məşhur xalça hesab olunur. Milli koloritli ornamentlərin mürəkkəb kompozisiyası onları seyr edənləri düşünməyə vadar edir.