İçərişəhərin “Azərbaycanın pul vahidləri” sərgisi ölkəmizdə ilk numizmatik ekspozisiyadır. 18 May 2010-cu ildə “Beynəlxalq Muzeylər günü”ndə fəaliyyətə başlamış bu ekspozisiya Bakı şəhərinin əhalisinə özünəməxsus bir hədiyyə oldu. Qala qapısından ("İçərişəhər" metrostansiyasının arxa tərəfindən) daxil olarkən böyük şairimiz Əliağa Vahidin büstünü görəcəksiniz. Bu gözəl parkda həm də XIV əsrin tarixi abidəsi - Çin məscidi diqqətinizi cəlb edəcək. Qədimdə müqəddəs məbədlər toxunulmaz olduğu üçün, çox zaman dövlətin xəzinələri orada qorunub saxlanılırdı. Bu gün də ziyarətçilərdə həmin assosiasiyanı yaratmaq üçün ekspozisiyanın nümayişi qədim məsciddə təşkil edilmişdir. 

Ekspozisiyada nümayiş etdirilən sikkələr e. ə III əsrdən başlayaraq b. e. XIX əsrinin I yarısına qədər olan tarixi dövrü əhatə edir. Bu sərgi pulun yaranma tarixi, təkmilləşdirilmə mərhələləri, müxtəlif zamanlarda pulun cəmiyyətdəki rolu haqqında mükəmməl təsəvvür yaradılır. Burada bir-birindən maraqlı kompozisiyası olan pul çeşidlərini, eləcə də pula qədərki əmtəə mübadiləsi nümunələrini və etnoqrafik əşyaların nümayişini görə bilərsiniz. 

Ekspozisiyada hər bir insanı maraqlandıran qeyri-adi (qədim tarixə malik dövlətlərin Roma, Parfiya, Yunanıstan, Prussiya, İngiltərə, Rusiya, Ərəb xilafəti, Monqol və başqa ölkələrin), hətta 2500 ildən artıq qədim bir dövrü əhatə edən pul vahidləri əks olunub. Nümayiş olunan pul nümunələri sırasına müntəzəm olaraq yeni eksponatlar əlavə edilir.