İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi və Azərbaycan gəncliyi” adlı elmi-praktik konfrans keçirilib.
Tədbir açıq elan edildikdən sonra 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəman həmvətənlərimizin ruhuna bir dəqiqəlik sükut elan edilmişdir.
Tədbirdə “Müstəqilliyin astanasında”, “20 Yanvar faciəsi”, “20 Yanvar faciəsinin Azərbaycan gəncinin yaddaşında izi”, “20 Yanvar faciəsi və müasir gəncliyimiz”, “20 Yanvar faciəsi – itirdiyimiz istedadlar” mövzusunda məruzələr səsləndirilib. Məruzələrdə “20 Yanvar” hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan, qanlı hadisələrə aparan tarixi şəraitdən, o dövrkü SSRİ və Azərbaycan SSR rəhbərliyinin yarıtmaz fəaliyyəti və öz xalqına qarşı törətdikləri cinayət haqqında söhbət aparılmış, azadlıq uğrunda canlarını qurban vermiş şəhidlərimizin böyük qəhrəmanlığı və onların əziz xatirəsinin heç zaman unudulmayacağı vurğulanmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə 1990-cı ilin 20 yanvar tarixində və növbəti bir neçə gün ərzində Bakıda 147 nəfər qətlə yetirilmiş, 700-dən artıq insan yaralanmışdır. 
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş şeir kompozisiyası nümayiş olunub.