Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib 25 may tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov bildirib ki, bu il dövlət səviyyəsində Şərqdə ilk parlamentli respublika ilə - demokratik ideyalara əsaslanaraq yaranan dövlətimizin 100 illik yubileyini qeyd edirik. Milli dəyərlərimizə əsaslanan, millətçilik prinsiplərimizi qoruyan Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki ən böyük xidməti dünya siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığını bəyan etməsidir. 100 il əvvəl Azərbaycan xalqı öz müqəddəratını özünün təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalaması 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi həmin tarixi fakta ehtiramın nümunəsidir və AXC-nin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Bu məqsədlə il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən də müxtəlif tədbirlər keçirilib. Sərəncamdan irəli gələn işlərin davamı və silsilə tədbirlərin tərkib hissəsi olan bu günkü konfransda Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş sənədli film nümayiş olundu, “Azərbaycan Cümhuriyyəti – 100” adlı müsabiqənin qalibləri mükafatlandırılıb, “Azərbaycan Cümhuriyyəti-100” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. AXC-nin yaranmasının 100 illiyi ilə bağlı hazırlanan film AXC-nin yaranmasımı, fəaliyyətini və süqutunu, onun ictimai və siyasi xadimlərinin həyat və fəaliyyətini əhatə edib. Filmdə 1918-ci ildən 2018-ci ilə qədərki dövrə xronoloji ardıcıllığa əsasən nəzər salınaraq, müsəlman Şərqində ilk demokratik cümhuriyyəti yaradan şəxsləri, onların yaratdığı ideologiyanı, məfkurəni yeni nəslə öyrətmək yolunda dövlət tərəfindən aparılan kompleks siyasət təhlil olunub. Tədbirdə tarixçi alimlərin Cümhuriyyət tarixi haqqında çıxışları dinlənilmiş, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “28 may - Azərbaycan tarixinin şərəfli səhifəsi” adlı kompozisiya nümayiş olunmuşdur. Sonda Qərb Universiteti tələbələrinin Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş plakat-sərgisi nümayiş olunmuşdur.

Xəbərlər Qalereyası