Azərbaycan tarixinin, memarlığının, incəsənətinin vahid bir məkan daxilində ən qədim, ən sirli və ən zəngin mücəssəməsi olan İçərişəhər sadəcə ölkə və ya region çərçivəsində deyil, ümumdünya səviyyəsində tanınır və bu istiqamətdə təbliğat işləri son illərdə xüsusilə daha da yüksək səviyyədə aparılmağa başlamışdır. Əlbəttə ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ölkəmizin tarixi-mədəni simasına çevrilmiş İçərişəhərin və ümumilikdə Azərbaycanın zəngin mədəni irsinin və tarixinin təbliğinə, həmçinin tədqiqinə xüsusi diqqət ayırır. Bu baxımdan 1000 illik hakimiyyətə malik qüdrətli Şirvanşahlar dövləti Azərbaycan tarixinin və dövlətçiliyinin ən parlaq səhifələrindən birini təşkil edir. Əbəs yerə deyil ki, məhz bu dövlətin uzaqgörən hökmdarlarının ucaltdığı İçərişəhər ərazisində yerləşən Şirvanşahlar Sarayı Kompleksi YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olmuşdur.

Beləliklə, artıq uzun müddətdir ki, davam edən hazırlıq işləri uğurla yekunlaşdı və  23-24 oktyabr 2018-ci il tarixlərində Bakı Konqress Mərkəzində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə təşkil edilən "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" adlı beynəlxalq elmi konfrans müvəffəqiyyətlə keçirildi.

Konfransda dünyanın 30 ölkəsindən 150 xarici qonaq iştirak etmiş, onların əksəri İslam dünyasında ən uzunömürlü hakimiyyət dövrünə sahib, 1000 illik Şirvanşahlar dövlətinin tarixi, memarlığı, etnoqrafiyası, ədəbiyyatı, numizmatikası, epiqrafikası və fəlsəfəsinə dair məruzələrlə çıxış etmişlər.

 

Həmçinin konfrans müddətində növbəti tədbirlər baş tutmuşdur:

  • “Şirvan şahları” sənəli filminin nümayişi;
  • “Şirvanşahlar dünya muzeylərində” sərgisi;
  • “Məhv olmuş, dağıdılmış abidələr və Şirvanşahlar taxtı” adlı maket müsabiqəsi”
  • Gənc Alimlər Forumu;
  • Konfrans çərçivəsində Moldova Milli İncəsənət muzeyi və Özbəkistan Dövlət Teymurilər Tarixi muzeyi ilə əməkdaşlığa dair memorandum imzalanması.

 

Konfransın əsas məqsədi dərin tarixi köklərə, zəngin mədəniyyətə sahib olan və müasir Azərbaycan ərazisində dövlətçiliyin əsasını qoymuş 1000 illik tarixə malik Şirvanşahlar dövlətinin simasında dünya ictimaiyyətinin diqqətini Azərbaycan tarixinin tədqiqinə və təbliğinə cəlb etməkdir.

Konfransın əsas vəzifəsi yüksək beynəlxalq səviyyədə Şirvanşahlar dövlətinin tarixinə dair yeni araşdırmaların aparılması, gənc tədqiqatçıların Şirvan və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsinə cəlb olunması və milli mədəni irsin təbliği istiqamətində fəaliyyəti genişləndirməkdir.