2017-ci ilin əvvəlində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə foto-müsabiqə keçiriləcəyi elan olundu. Müsabiqənin fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, burada peşəkarlarla yanaşı həvəskarlar da iştirak edə bilərdilər.

17 sentyabr 2017-ci ildə isə İçərişəhərdə yerləşən Zəncirli Evdə Respublika Foto müsabiqəsinin “Bakı Foto” təqdimatı keçirilmişdir.

Müsabiqənin şərtlərinə əsasən fotoşəkillər aşağıda qeyd olunan 5 nominasiya üzrə qəbul edilirdi.

1) 1) adfiHadisə - Bakıda və ya dünyanın başqa şəhərlərində keçirilən ictimai tədbirləri, bayramları, festivalları əks etdirən fotoşəkillər.

2) Təbiət - Vəhşi təbiətin gözəllik və ahəngdarlığını, eləcə də vəhşi heyvanları, onların təbii yaşayış mühitini əks etdirən fotoşəkillər.

3) İçərişəhər: dünən, bugün – İçərişəhərin sakinləri, küçələri, memarlıq üslubu və keçirilən bayramları əks etdirən fotoşəkillər.

4) Portret - Müxtəlif janrlarda olan fotoşəkillər. İnsanların tək və ya cəm halda səhnələşdirilmiş və ya müsahibə formatında olan fotoşəkilləri. Bu nominasiya üzrə olan nümunələr  insanların xarakterini, hiss-həyəcanını və əhval-ruhiyyəsini əks etdirməli idi.

5) Bədii fotoqrafiya – fotoqrafın yaradıcılıq görüşü və daxili aləmini əks etdirən fotoşəkillər.

Bu nominasiyalar üzrə müsabiqəyə 150 ədəd fotoşəkil təqdim olunmuş və onlardan yalnız 50 ədədi final mərhələsinə vəsiqə qazanmışdır.

5 nominasiya üzrə birinciliyi qazanan hər bir qalibə isə 500 manat dəyərində pul mükafatı təqdim edilmişdir.

Bununla  yanaşı mükafatlandırma mərasimində xüsusi  nominasiya olan “Qadın fotoqraf” üzrə qalib elan olunmuşdur. Bu mükafat “100 Business Women of Azerbaijan” ictimai təşkilatı tərəfindən təsis edilmişdir.

Münsiflər heyətinin üzvləri Azərbaycanın tanınmış, istedadlı peşəkar fotoqrafı Sənan Ələsgərov və Qafqazda fotoya həsr olunmuş ilk jurnalın redaktoru olan məşhur gürcü fotoqraf Quram Çibaxaşvili idi.

Sərgidə nümayiş olunan final mərhələsinə çıxmış 50 ədəd fotoşəkil İçərişəhər Tarix Muzeyinin fonduna hədiyyə edilmişdir.

Sərgi ödənişsiz olaraq 1 ay müddətində ictimaiyyətə açıq idi. Fotolarda əksini tapan qədimliklə müasirliyin harmoniyası, fotoqrafların fərqli baxış bucağının məhsulu olan əsərlər ziyarətçiləri təəccübləndirmiş, onlara xoş ovqat bəxş etmişdir.

Nominasiyaların çoxluğu, fotoşəkillərin keyfiyyəti və rəngarəngliyi baxımından bu foto sərgi  ötən illərdə keçirilən tədbirləri geridə qoymuşdur.