“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2009-cu ildən “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Master Plana”a uyğun olaraq İçəri Şəhərin konservasiyası üzrə işləri davam etdirir. Cari layihə üzrə  bərpa və konservasiya üçün nəzərdə tutulmuş  abidələrdə  öncədən  mütəxəssislər tərəfindən obyektin mühəndis müayinəsi və ölçmə-tədqiqat işləri aparılmış və əldə olunmuş nəticələrə əsasən onun bərpa metodikası, tətbiq olunacaq texnologiya və materiallar müəyyənləşdirilmişdir. Hazırda bərpa və konservasiya olunan abidələrdə gedən iş prosesləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin diqqət mərkəzindədir.

İçərişəhərə Qoşa Qala qapılarından daxil olduqda sol tərəfdə XVIII əsrin memarlıq abidəsi olan Bakı xanlarının sarayının qalıqlarını görə bilərsiniz. Bu kompleks 1747-ci ildən 1806-cı ilə qədər Bakıda hökmranlıq etmiş Bakı xanlarının yaşayış yeri olmuşdur. 1859-1920-ci illərdə bu abidənin ayrı-ayrı hissələrinin üzərinə mərtəbələr artırılaraq dəfələrlə rekonstruksiya olunmuş, ümumilikdə baxımsızlıq şəraitində xarici amillərin təsirinə məruz qalmışdır. Bu səbəbdən də Bakı xanlarının iqamətgahının ilkin görünüşü təhrif olunmuşdur. Şirvan memarlıq məktəbinin bir nümunəsi olan Bakı xanlarının sarayına Qoruq İdarəsi tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Hazırda abidənin qorunması məqsədi ilə planlı layihə hazırlanmaqdadır. Saray yaxın müddətdə bərpa və konservasiya, eləcə də rekonstruksiya olunaraq yenidən canlandırılacaq və ən maraqlısı isə müasir üsullarla muzeyə çevriləcəkdir. Burada Bakı şəhərinin keşməkeşli tarixini əks etdirən muzey ekspozisiyasının yaradılması nəzərdə tutulur.