2015-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılmış abadlıq və arxeoloji kəşfiyyat işləri  zamanı son orta əsrlərə aid edilən hamam tikilisinin qalıqları aşkar edilmişdir. Yer səthindən xeyli aşağıda yerləşdiyinə görə "Yeraltı hamam" adı ilə tanınır. Alimlərin fikrincə, o dövrdə Bakıda sanitariya və gigiyena qaydalarına ciddi şəkildə əməl edilən gömrük hamamları fəaliyyət göstərirdilər. Bu hamamlar isə əsas giriş qapılarının yaxınlığında tikilirdi. Çox güman ki, bu hamam da Bakı gömrüyünə xidmət etmişdir. 1806-cı ildə Bakının ruslar tərəfindən işğalından sonra hamamın fəaliyyəti dayandırılmış, günbəzləri sökülərək, otaqları təsərrüfat tullantıları ilə doldurulmuş və üzəri torpaqla örtülmüşdür. Belə ki, həmin ərazidə hərbi komendatura yerləşdirilmişdir. 2015-ci ildə arxeoloji qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. Arxeoloji qazıntı ərazisindəki bəzi divar və hörgü qalıqlarında çatlar əmələ gəlmiş və uçmaq qorxusu yaranmışdır. Hazırda abidədə bərpa və konservasiya işləri aparılır. Gələcəkdə burada açıq səma altında arxeloji muzey ekspozisiyası fəaliyyət göstərəcəyi nəzərdə tutulur.