“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi vaxtaşırı olaraq qoruq ərazisində təmir və rekonstruksiya işləri həyata keçirir. Bununla bağlı olaraq hal-hazırda Kiçik Qala küçəsində təmir işləri aparılır. Rekonstruksiya işləri əsas etibarı ilə Qoşa Qala divarı boyunca fəaliyyət göstərən bir neçə ictimai iaşə obyektini əhatə edir.

Təmir-bərpa işləri çərçivəsində qeyd olunan ərazidə yerləşən və Qoruq İdarəsinin balansında olan restoranların bədii baxımdan tərtibat verilmiş daxili hissəsinin yenilənməsi nəzərdə tutulur. Qonaqların rahatlığını təmin etmək üçün daha geniş və işıqlı salonların qurulması planlaşdırılır. Həmçinin restoranların interyeri milli abu-havanı özündə ehtiva edəcəkdir. Təbii ki, onların xarici görünüşü ilə bağlı rekonstruksiya işləri İçərişəhərin ənənəvi memarlıq üslubuna müvafiq olaraq həyata keçiriləcəkdir.

Biz şəhərimizin sakinlərini və onun qonaqlarını İçərişəhərin gözoxşayan məkanlarında Azərbaycan mətbəxinin yüksək keyfiyyətli ərzaqlardan hazırlanmış, ləzzətli təamlarından dadmağa dəvət edirik!