“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Ədəbiyyat Müsabiqəsi elan edir!

 

Əgər Siz yazıçılar kimi düşünürsüzsə, bədii ifadə qabiliyyətiniz və sınanmış qələminiz varsa, niyə də öz hekayətlərinizi bölüşməyəsiniz?

Hazır olun!

Bu müsabiqə Bakı haqqında dərc olunacaq almanax üçün nəzərdə tutulub və onun müəlliflərindən biri olmaq şansınız böyükdür.

 

Müsabiqənin məqsədi – istedadlı yazarların üzə çıxarılması ilə yanaşı, həm də bu şəhərin həyatına dair parlaq epizodlar və maraqlı hekayələrdən ibarət toplu yaratmaqdır. Bakı isə elə bir şəhərdir ki, hər küçəsində bir sir, hər evində bir həyat hekayəsi var.

 

Janr seçimi və hadisələrin təsvir olunacağı tarixi dövr – müəlliflər üçün sərbəstdir. Təşkilatçılar Sizi hər hansı bir məhdudiyyətdən azad etməyi vacib biliblər. Odur ki, əsərinizin qəhrəmanı Bakı şəhəri də ola bilər, yaxud əksinə, bu şəhər – yazacağınız mətndə təsvir olunan hadisələrin fonu kimi də verilə bilər. Təxəyyül məhsulu ilə gerçək hadisələr qovuşa da bilərlər. Personajlarınız İçərişəhərin əyri-üyrü küçələrində gəzişə və yaxud şəhərdən uzaq bir qəsəbənin sakinləri ola da bilərlər. Hekayəniz başdan-başa uydurma da ola bilər, sizin və ya qeyrinizin şahidi olduğunuz gerçək hadisə də. Ailə əhvalatınızı danışacaqsız, yoxsa bioqrafik bədii nəsr yaradacaqsız – bu vacib deyil.

 

Vacib olan şərtlər bunlardır:

*   Yazınıza ilham verən – Bakı şəhərinin hər hansı bir guşəsi, yaxud bu şəhərlə bağlı bir xatirə olsun.

*    Nikbin bir ruhda yazılmaqla yanaşı, oxucuda şəhərimizin isti ovqatı, günəşli günləri kimi, müsbət təəssürat oyatsın .

 

Mətnlər üç dildə (azərbaycan, ingilis və rus dillərində) qəbul olunur.

Maksimal həcm: boşluqlarla birgə 42 000 işarə (10 çap səhifəsi – təxminən 2500 söz).

 

Münsiflər heyəti kitabda dərc etmək üçün 20 finalçı seçəcək.

 

Pul mükafatları:

Birinci yer – 3 000 AZN

İkinci yer – 1 500 AZN

Üçüncü yer –1 500 AZN

 

Münsiflər heyətini diqqətinizə təqdim edirik:

 

Çingiz Abdullayev – Azərbaycanın xalq yazıçısı

Tərlan Qorçu – teatr rejissoru, Marionet teatrının bədii rəhbəri

Cahangir Səlimxanov – musiqişünas, mədəni siyasət üzrə ekspert, art-menecer

Elizabet Uayt – British Council nümayəndəliyinin direktoru

Rəhman Hacıyev - 1News portalının baş redaktoru

İsmayıl Səfərəli – rejissor

Elçin Əliyev – professor, sənətşünaslıq doktoru

Nərgiz Cəlilova – aparıcı, Azərbaycanın xalq artisti

Əsmər Abdullayeva – sənətşünas

Nigar Həsənzadə - şair

Ülviyyə Axundova – şair, yazıçı, tərcüməçi

Əsli Səmədova – mədəni layihələrin təşəbbüskarı

 

Hekayələrinizi bu ünvana göndərin: contest@icherisheher.gov.az 

Mətnlərin qəbulu 20 aprel 2018-ci ilə qədərdir.