Bahar Qalası

Baharın müjdəçisi olan Novruz bayramı yenidən elimizə qonaq gəlir. Hər bir azərbaycanlının təsəvvüründə, onun bayram anlayışında əsas yer tutan Novruz Azərbaycanın mədəni sərvətidir. Bu sərvəti qorumaq, onu təmsil etmək tarix və memarlığımızın incisi olan İçəri Şəhərin qürurudur.

2018-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçiriləcək Novruz bayramı şənlikləri ötən illərdə keçirilən şənliklərdən bayram günlərinin sayının artıq olması (20-26 mart 2018-ci il) və bayram şənliklərində iştirak edən kollektivlərin 10-dan artıq, fərdi ifaçıların isə 80-dən artıq olması ilə fərqlənir.

Bundan başqa bayram şənlikləri Qoşa Qala qapıları meydanı və Qız Qalası meydanlarında keçirilməsinə baxmayaraq bütün qoruq ərazisinin geniş küçə və meydanlarını əhatə edəcəkdir. İlk dəfə olaraq İçərişəhərin sakinlərinə, turistlərə və qonaqlara Azərbaycan Respublikası Uşaq-Gənclər İnkişaf Mərkəzinin təmsilçiləri öz istedad və məharətlərini göstərəcəkdir. Əsas səhnədə isə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, Ləzgi Mədəniyyət Mərkəzi, Tatar Mədəniyyət Mərkəzi öz milli musiqi kollektivləri və estrada ulduzları ilə birlikdə çıxış edəcəklər.

Tədbirin milli koloritini, Azərbaycan xalqının adət - ənənələrini əks etdirmək üçün bayram günlərində  nağıl və ədəbi qəhrəmanların zurna – balaban və nağara ifaçılarının müşayiəti ilə İçərişəhər ərazisində gəzintisi təşkil ediləcək.

Qoşa Qala Qapıları  və  Qız Qalası meydanlarında nağıl və ədəbi qəhrəmanların iştirakı ilə  səhnəciklərin  göstərməsi nəzərdə tutulmuşdur.

Tədbirdə  ənənəvi olaraq tətbiqi sənət nümunələrinin,  milli mətbəximizin  təamlarının satışı təşkil ediləcəkdir.

Azərbaycanın tarixinin, xalqımızın dünyagörüşünün min illərdir əvəzolunmaz, vahid simvoluna çevrilmiş Novruz bayramı adət-ənənələrimizin  yaşadıcısıdır.  Siz də bu rəngarəng, sevinc dolu bayram abu-havasını duymaq istəyirsinizsə yolunuzu İçəri Şəhərdən salın.