24 oktyabr 2018-ci il tarixində Şirvanşahlar Sarayı Kompleksində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA tərəfindən təşkil edilən "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" adlı beynəlxalq elmi konfrans çərçivəsində "Şirvanşahlar irsi dünya muzeylərində" adlı möhtəşəm sərginin açılış mərasimi keçirilmişdir.

           Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov çıxış edərək Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən gözoxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsinin bu konfransın və sərginin keçirilməsi ilə bağlı ideyanın yaranmasında başlıca səbəblərdən biri olduğunu qeyd etmişdir.

            Qeyd edək ki, tədbirdə həmçinin  Azərbaycan Milli Konservatoriyasının Xalq artisti Fəxrəddin Dadaşovun rəhbərliyi ilə "Əsrlərin sədası" qədim musiqi alətləri ansamblı çıxış edib.

Bu sərginin ekspozisiyası öz əhəmiyyətinə görə bənzərsiz olan Şirvanşahlar sülaləsinin 1000 illik hakimiyyət tarixi barəsində biliklərimizi genişləndirən əsas mənbələrdən biri olacaqdır. Bu tarix görkəmli və müdrik hökmdarların şanlı əməlləri ilə zəngindir.

             Dünyanın müxtəlif muzeylərində saxlanılan Şirvanşahlar dövlətinə aid milli mədəniyyət nümunələrinin müəyyən olunması istiqamətində alim və tarixçilər genişmiqyaslı iş aparmış və məlum olmuşdur ki, Şirvanşahlar irsinin bir hissəsi dünyanın nüfuzlu Viktoriya və Albert muzeyi (London), Əsgəri muzey (İstanbul), Topqapı Sarayı muzeyi (İstanbul), məşhur Metropoliten muzeyi (Nyu-York), İslam Mədəniyyəti muzeyi (Berlin), Dövlət Ermitaj muzeyi (Sankt-Peterburq), Ərəb Dünyasının Tədqiqat İnstitutu muzeyinin (Paris) kolleksiyalarında qorunur. Həmçinin bu tarixi dövrə məxsus dəyərli eksponatların bir qismi Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

              İlk olaraq Şirvanşahlar dövlətinə məxsus abidələr və maddi-mədəniyyət nümunələrinə dair daha zəngin məlumat toplamaq, eləcə də soydaşlarımızı və şəhərimizin qonaqlarını ölkəmizin mədəniyyət və dövlətçilik xəzinəsinə misilsiz töhfələr vermiş bu sülalənin nümayəndələrinin mədəni irsi ilə tanış etmək istəyi bizi bu mövzuya dair uzunmüddətli sərgi təşkil etmək ideyasına köklədi.  

                Sərgi oktyabrın 25-dən etibarən isə ictimaiyyət üçün açıqdır. Sərgidə “İçərişəhər ” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dünyanın ən böyük muzeyləri ilə müvəffəqiyyətli danışıqlar və məhsuldar əməkdaşlığı sayəsində Azərbaycana gətirilmiş nadir eksponatlar nümayiş olunur.   

               Əlbəttə ki, Şirvanşahlara məxsus dəyərli eksponat və artefaktların qısa bir müddətə olsa belə Azərbaycana qayıtması mühüm tarixi hadisədir!

              İstanbul Əskəri muzeyi tərəfindən böyük səxavətlə ölkəmizə təqdim olunmuş eksponatlar sərginin əsasını təşkil edir. Əminliklə deyə bilərik ki, bu səpkidə əməkdaşlığa ilkin nümunə olan əlaqələrimiz gələcəkdə daha uzun müddətə və müvəffəqiyyətlə davam edəcəkdir. Sərgidə ziyarətçilərə üzərində xeyir-dua kəlamları həkk olunmuş unikal dəbilqə kolleksiyasını birbaşa izləmək imkanı verilir. Onların arasında Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra müvəqqəti də olsa öz doğma məkanında sərgilənir.

            Qoruq İdarəsi həmçinin əla vəziyyətdə saxlanmış, türk ordusunun əsas atributlarından hesab olunan, çox funksiyalı səfər qazanları ilə sərgi ekspozisiyasını zənginləşdirdikləri üçün Gürcüstan Milli Muzeyinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

            Geniş coğrafi ərazidə böyük nüfuzə malik olan Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında günümüzə qədər gəlib çatmış Şirvanşahlar dövrünə aid yeganə qızıl zinət əşyası saxlanılır. Bu milli diplomatiyanın banisi olan Şirvanşah Şeyx İbrahimin həyat yoldaşı və Şirvanşah I Xəlilullahın anası Bikə xanıma məxsus yaqut və firuzə qaşlı sancaq xanımın məzarında aşkar edilmişdir.

         Konfrans çərçivəsində həyata keçirilən böyük əhəmiyyətə malik layihələrdən biri də “Dağıdılmış və məhv edilmiş abidələr və Şirvanşahlar taxtı” adlı maket müsabiqəsidir. Bununla əlaqədar olaraq mövzunun ciddi surətdə araşdırılması üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından və Azərbaycan Respubikası Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən SABAH qrupunun tələbələri layihəyə cəlb olunmuşdur. Pir Hüseyn xanəgahının (XIII əsr) maketi isə sərginin ayrılmaz hissəsinə çevrilərək bu xanəgaha məxsus nəfis bədii tərtibatlı kaşılarla birlikdə nümayiş edilir. İnanırıq ki, Gürcüstan Milli muzeyindən gətirilmiş bu nadir sənət nümunələri ziyarətçilərdə böyük marağa səbəb olacaqdır.

        Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər sayəsində "canlanan" eksponatlar, onların ehtiva etdiyi dərin məna və Şirvanşahlar Sarayının tarixi  abu-havasını zənginləşdirəcək qədim musiqi alətlərində ifa olunan musiqilər, eləcə də öz tarixi, ilkin obrazını səsləyən konstruksiyalar qonaqlarımızda təkrarolunmaz hisslər yaradacaqdır!

         "Şirvanşahlar irsi dünya muzeylərində" sərgisi 23 yanvar 2019-cu ilədək İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksində hər gün saat 9:00-dan 20.00-dək ziyarətçilər üçün açıq olacaqdır.

          Qeyd edək ki, sərginin açılışı ilə əlaqədar rəngarəng mövzularla zəngin  “Şirvanşahlar irsi dünya muzeylərində" adlı kataloq nəşr olunmuşdur.