Bakı mətbəxi

Azərbaycan xalqının mətbəx mədəniyyəti çox dərin köklərə bağlıdır. Milli mətbəx mədəniyyətiimiz, onun tarixi, ləziz yemək növlərimiz hər dəfə özünü  biruzə  verir. Hər bir xalqın mətbəx mədəniyyətinə görə, onun yaşayış tərzi və tarixi haqqında fikir söyləmək olar. Xalqın mətbəxi onun tarixidir və demək olar ki, onun yaşıdıdır. Qədim yazılı mənbələrdə, səyyahların, diplomat və tacirlərin gündəliklərində Azərbaycanın ləziz təamları barədə valehedici qeydlər yazılmışdır. Azərbaycan xörəklərinin dadı, şöhrəti dünyanın bir çox xalqlarına bəllidir, xüsusilə də Şərq ölkələrinə. Bakı və Abşeron yeməkləri Azərbaycan mətbəxinin ayrılmaz hissəsi olub, əhalinin həyat tərzindən, ərazinin təbiətindən asılı olmuşdur. Novruz, Ramazan və Qurban bayramlarında, eləcə də əlamətdar günlərdə Bakıda yeməklər xüsusi bir təmtəraqla hazırlanardı. Məhəllə xanımları bir yerə toplaşar, çox vaxt aparan və çox adam üçün nəzərdə tutulmuş xörəklər, şirniyyatlar: qoğal, şəkərbura, paxlava, badambura, südlüçörək və digərləri birgə bişirilərdi. Bu zaman yeməklərin dadlı və ləzzətli olması üçün, hər bir xırdalıq və qaydalara riayət edilməsinə diqqət yetirilərdi. İstifadə edilən müxtəlif ədviyyatlar xörəyə xüsusi dad, qoxu, rəng, təravət verirdi. Bakı xörəklərində zəfəran, istiot, sumax, cirə, zəncəfil kimi ədviyyatlardan başqa, həzmə kömək edən nar suyu, abqora, sirkə, doşab və s. turşaşirin əlavələrdən də geniş istifadə edilərdi. Misin müalicəvi xüsusiyyətlərini nəzərə alaraq, xörəklər mis qablarda  bişirilərdi. Qabların da xörəklərin növünə görə təyinatı var idi. Mətbəxlərdə qablama, sərnic, teşt, plov qazanı, sərpuş, məcməyi, kəfkir və s. qab dəstlərindən istifadə edilərdi. Yeməkləri adətən, közərən kömürdə, torpaq sobasında, təndirdə, sacda hazırlayırdılar. Azərbaycanın hər regionunda özünəməxsus mətbəx ənənəsi vardır. Xörəklərdə istifadə edilən ətirli bitki növləri, kənd təsərrüfatı məhsulları, nəhayət, iqlim – bütün bunlar müxtəlif bölgələrin mətbəxinə öz təsirini göstərmiş və fərqli cəhətlər yaranmışdır. Vaxtilə Bakı və Abşeron zonasında mütəncəm, kababburyan, şəşəndaz, xəliqə, biz-biz kimi yemək növləri olmuşdur. Hazırda İçərişəhərin restoranlarında Bakıya xas olan yeməklərdən cız-bız, səbzili (göyərtili) şorbalar, plov və dolma növləri, kabablar, şorabalar və növbənöv şirniyyatlar təqdim edilir. Orta əsrlərdən bu günə kimi yağlı xörəklərin yanında, süfrələrdə ürəkbasan turş, eləcə də şirin dadan müxtəlif şərbətlər verilir. Onlar ətirli meyvələrdən (nar, gilənar, alça), xoş ətirli göyərtilərdən (tərxun, nanə, reyhan) və limondan hazırlanırdı. Duru xörəklərdən küftə-bozbaşın, dovğa, kəlləpaça, düşbərə, xəmiraşı, sulu xingalın, tərəvəzli yeməklərdən badımcan çığırtmasının, kükü, göy lobya, fisincan, göyərti qutabı, boranı plov, müxtəlif dolma növlərinin adını çəkmək olar. Bakı şirniyyatlarından şəkərbura, paxlava, şəkər çörəyi süfrələrin, bayram xonçalarının bəzəyidir. Bölgənin şah yeməklərindən biri də plovdur. Onun bir çox növləri məlumdur: toyuq plov, lobyaçilov, parça döşəmə, turşu-qovurma plov, əriştə plov və s.

 Bakı xörəklərini dadmaq istəyənləri İçərişəhərdəki kafe və restoranlara dəvət edirik.