“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ölkəmizin çox əhəmiyyətli tarixi abidələrindən biridir. Qoruq X-XIV əsrlərə aid Qala qəsrini, qədim evləri, türbə və məscidləri, müxtəlif sənət nümunələrinin cəmləşdiyi Əntiq əşyalar muzeyini, qayaüstü təsvirləri və Arxeoloji-Etnoqrafik Muzeyi özündə birləşdirir. “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğu 1988-ci ildə yaradılmışdır. Ərazisi 81,5 ha-dır. Muzey kompleksində Abşeronun beş minillik tarixini, qədim insanların adət-ənənələrini, dünyagörüşünü, həyat tərzini əks etdirən ekspozisiyalar təqdim edilir. Şərqi Abşeronun tunc dövrü abidələri ‒ kurqan və dolmenlər, qayaüstü rəsmlər və s. bərpa edilərək, ilkin görünüşündə  nümayiş etdirilir.

Əntiq Əşyalar muzeyində bərpaçı və xeyriyyəçi Şahid Həbibullayevin kolleksiyasından 800 əşya sərgilənir. 

Qoruq ərazisində yerləşən digər bir abidə isə X-XII əsrlərə aid edilən Qala qəsridir. 

Arxeoloji qazıntılar zamanı qala ətrafındakı ərazidə orta əsrlərə aid yaşayış evləri, təndir qalıqları, boyalı və boyasız keramika parçaları, dəmir alətlər və s. aşkar edilmişdir. Bütün bunlar Qala əhalisinin orta əsrlərdə qəsr ətrafında kompleks şəkildə, sıx məskunlaşdığını sübut edir.

 

 

“Qala” Dövlət Tarix Etnoqrafiya qoruğunda məscidlər

Cümə məscdi ‒ Məscid Qalanın Balaverdi məhəlləsində yerləşir. Abidənin inşa tarixi XVII əsrə aiddir. Cümə  məscidi çox sadə  memarlıq quruluşuna malikdir. Məscidin dekorativ bəzəyi qorunub saxlanmamışdır.  Abidənin biri kişilər, digəri isə qadınlar üçün nəzərdə tutulmuş iki giriş qapısı vardır.

Balaverdi məhəllə məscidi Qala kəndinin şərq hissəsində, Balaverdi  məhəlləsində yerləşir. 1864-cü ildə Kərbəlayı Süleyman tərəfindən tikdirilmişdir. Giriş qapısı üzərində məscidin Balaverdi adlı şəxs tərəfindən bərpa etdirilməsi haqqında kitabə vardır. Məscidin adı da buradan götürülmüşdür.

Çəmbərəkənd məscidi məhəllə məscididir, 1842-1843-cü illərdə tikilmişdir.Çəmbərəkənd məhəllə məscidi plan quruluşuna görə  kvadratşəkillidir. 

Hacı Ramazan məhəllə məscidi Qala kəndinin şimal hissəsində yerləşir. Məhəllənin yeganə monumental tikilisi olan bu məscid XVII-XVIII əsrlərdə inşa  edilmişdir. İbadət zalının mərkəzi hissəsi günbəzlə tamamlanır. Məscidin çatma tağlı, kiçik giriş qapısı vardır.

Tərəkəmə məhəllə  məscidinin ayrı-ayrı giriş qapısı olan iki ibadət zalı vardır. Giriş qapılarından birinin üzərində məscidin 1911-ci  ildə inşa edilməsi haqqında kitabə vardır. Məscidin mərkəzi hissəsi günbəzlə tamamlanır.

 

 

 

 

“Qala” Dövlət Tarix Etnoqrafiya qoruğunda hamamlar

Bayraməli hamamının giriş qapısı üzərindəki epiqrafik yazıdan bəllidir ki, hamam 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edilmişdir. Hamam iki hissədən ibarətdir.

Qum hamamı memarlıq quruluşuna görə, XII-XIV əsrlərə aid edilir. Hamam torpağın altında yerləşdiyindən “Qum hamamı” adlanmışdır.

“Şor hamamı” Qala kəndinin cənub hissəsində, duz gölünün yaxınlığında yerləşir. Bu hamamın suyu şor olduğundan, daha çox müalicəvi məqsəd daşımışdır. Hamam dağılmış, yalnız özülü bu günə qədər qalmışdır. Abidə XVIII əsrə aiddir.

 

 

“Qala” Dövlət Tarix Etnoqrafiya qoruğunda xidmətlər

Siz Qala Dövlət Tarix-Etnoqrafiya qoruğuna gəlməklə, Açıq Səma altında yerləşən muzey kompleksində xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi qədim sənət növləri ilə məşğul ola bilərsiniz. Əbru (su üzərində rəsm) sənətinin sirlərinə yiyələnmək, öz əllərinizlə lavaş bişirmək və xına ilə (təbii saç boyası) müxtəlif naxışlar çəkdirmək, qayaüstü rəsmləri görmək, orta əsr yaşayış yerləri ilə tanış olmaq, dəvə, poni, dovşan və s. heyvanları yemləmək arzunuz varsa, mütləq qoruğumuzu ziyarət edin! Əntiq Əşyalar muzeyindəki Azərbaycanda və dünyanın müxtəlif ölkələrində hazırlanmış sənətkarlıq nümunələri ilə tanış olmaq, orta əsr istehkamına qalxaraq, qəsrin üzərindən Qala qoruğunun əsrarəngiz gözəlliyini seyr etmək üçün Sizləri Qala qoruğuna dəvət edirik!

 

 

 

 

 

Siz “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğunda təşkil edilən bir sıra intellektual oyun və interaktiv məşğələlərdə iştirak edə bilərsiniz.

 

 

İntellektual oyunlar
Orta əsr qalasının alınması

Oyun 3 muzeyin ərazisini əhatə edir:

  • Açıq səma altında Arxeoloji-Etnoqrafik muzey kompleksi
  • Qala Qəsri
  • Əntiq Əşyalar muzeyi

Oyunun qaydalarına görə, iştirakçılar əvvəlcə iki komandaya bölünürlər: Qızıl buta və Qırmızı buta. Daha sonra hər komanda öz libasını geyinib şahzadənin axtarışına çıxır. Altı məntəqədə ‒  tacir evində, dəvə təsərrüfatında, bazarda, dulusçu, xalçaçı və nalbənd emalatxanalarında olur, ekskursiyanı dinləyirlər. Hər məntəqədə verilən suallara düz və daha tez cavab verən komanda bağlama əldə edir və  növbəti məntəqəyə keçir. Uduzan komanda isə qızıl və gümüş sikkələr verərək, o bağlamanı əldə edir. Sonda suallara daha çox düzgün cavab verən komanda qalib olaraq Qala qəsrinə keçid hüququ əldə edir və şahzadəni xilas edir.

 

                                        Qala qəsri uğrunda mübarizə

Qaydalara görə oyun başlamazdan əvvəl Qəsr ərazisində müəyyən olunmuş yerdə iki ordu yerləşdirilir. Bundan sonra  Qəsrin ələ keçirilməsi oyununa start verilir. Hər iki ordu xüsusi yerdə gizlədilmiş qutunun tapılması üçün mübarizəyə başlayır. Qutu içərisindəki sualların cavablandırılmasından sonra, suallara verilən düzgün cavabların sayından asılı olaraq, qalib ordu qəsrə sahib olur.

 

İnteraktiv məşğələlər

Orta əsrlərdə qalalının bir günü

Bu interaktiv tura açıq səma altında olan Arxeoloji-Etnoqrafik muzey kompleksi və Qala Qəsri kompleksi daxildir. İştirakçılar Arxeoloji-Etnoqrafik muzey kompleksində ekskursiya ilə yanaşı, dörd sənətkar emalatxanasında fərdi şəkildə müvafiq sənət sahələri ilə məşğul olurlar.

 

  • “QalaQəsrininfəthi” komandaoyunu
  • “Qala” Qoruğundainteraktivturemalatxanaları
  • Xınayaxdı(master-klas)
  • Ebru (su üzərində rəsm çəkmə)(master-klas)
  • Dəmirçi(master-klas)
  • Lavaş(master-klas)
  • Xalçaçılıq(master-klas)
  • Dulusçuluq(master-klas)